ABŞ investorları Qarabağ və Şərqi Zəngəzura maraq göstərir – Aqrar sahədə əməkdaşlıq müzakirə edildiAzərbaycanın kənd təsərrüfatı sektoru ABŞ investorlarının diqqətini cəlb edib. ABŞ şirkətləri Qarabağ və Şərqi Zəngəzurun aqrar potensialını öyrənmək və regionda investisiya imkanlarını qiymətləndirmək niyyətindədir.
1business.media xəbər verir ki, Vaşinqtona səfər çərçivəsində ABŞ Ticarət Palatasında aparıcı Amerika kənd təsərrüfatı şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Görüşdə Azərbaycanın kənd təsərrüfatının investisiya potensialı, əsas inkişaf göstəriciləri, həyata keçirilən islahatlar və 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının yaratdığı imkanlar barədə məlumat verilib.
ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel bildirib ki, Amerika şirkətləri müasir texnologiyalar, kənd təsərrüfatı texnikası, məlumatların təhlili, süni intellekt və proqnozlaşdırma sahələrində Azərbaycanın aqrar sektorunun inkişafına töhfə verə bilərlər.
O, ABŞ investorlarının gələn il Azərbaycana planlaşdırılan səfər zamanı Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialını yaxından öyrənməkdə maraqlı olduqlarını qeyd edib.
Görüşdə ifadə olunan marağın və müzakirə edilən əməkdaşlıq imkanlarının Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində investisiya əlaqələrinin genişlənməsinə töhfə verəcəyi gözlənilir.
