Azərbaycanda noutbuk istehsalı 95,7% azalıb – RƏQƏMLƏR AÇIQLANDIAzərbaycanda noutbuk istehsalında kəskin azalma qeydə alınıb. 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə cəmi 1 091 ədəd noutbuk istehsal edilib.
1business.media xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24 372 ədəd və ya 95,7% azdır. 2025-ci ilin ilk 10 ayında ölkədə 25 463 noutbuk istehsal olunmuşdu.
Stolüstü kompüterlərin istehsalında da azalma müşahidə edilib. Hesabat dövründə 1 440 ədəd stolüstü kompüter istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 407 ədəd və ya 49,4% azdır. Ötən il bu rəqəm 2 847 ədəd təşkil edib.
Maraqlıdır ki, kompüter, elektron və optik məhsulların, eləcə də elektrik avadanlıqlarının istehsalı sahələrində ümumi istehsalın dəyəri artıb.
Belə ki, 2026-cı ilin yanvar-oktyabr aylarında bu sahələr üzrə 280,9 milyon manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 milyon manat və ya 10,9% çoxdur.
Ötən ilin müvafiq dövründə həmin göstərici 253,4 milyon manat olub.
