Qızıl alanları diqqətli olmalıdır: 2027-ci ildə qiymətlər ucuzlaşa bilərQızıl bazarında gələn il həm bahalaşma, həm də ucuzlaşma ehtimalı var. Qiymətlərin hansı istiqamətdə dəyişəcəyi ABŞ-ın pul siyasətindən, dolların məzənnəsindən və dünyadakı geosiyasi vəziyyətdən asılı olacaq.
1business.media xəbər verir ki, Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyəti sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov 2027-ci ildə qızıl bazarının mümkün perspektivlərini açıqlayıb.
Onun sözlərinə görə, qızılın qiymətinə təsir edən əsas amillər ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti, dolların məzənnəsi, istiqrazların gəlirliliyi, investisiya tələbi və geosiyasi risklərdir.
Ekspert bildirib ki, son dövrdə qızılın ucuzlaşmasına ABŞ-da faiz artımı ilə bağlı gözləntilərin güclənməsi və dolların möhkəmlənməsi təsir göstərib. Faizlərin yüksək qalması investorların qızıl əvəzinə gəlir gətirən maliyyə alətlərinə üstünlük verməsinə səbəb ola bilər.
Rövşən Əmircanovun fikrincə, 2027-ci ildə yüksək faizlər, güclü dollar və investisiya tələbinin zəifləməsi qızılın ucuzlaşması ehtimalını artırır.
Digər tərəfdən, inflyasiyanın zəifləməsi və faiz artımı gözləntilərinin azalması dolların dəyərini aşağı sala, qızılın bahalaşmasına şərait yarada bilər.
Ekspert qeyd edib ki, geosiyasi gərginliklər və maliyyə bazarlarındakı qeyri-müəyyənlik də qızıla tələbi artıra bilər. Mərkəzi bankların qızıl alışları qiymətləri dəstəkləyən amillərdən biri olaraq qalır.
Beləliklə, 2027-ci ildə qızıl alanları dəyişkən bazar gözləyir. Qiymətlərin istiqaməti isə qlobal iqtisadi proseslərdən asılı olacaq.
