Azərbaycanda investorların sayı 185 mini ötdü
Azərbaycanda investisiya bazarında iştirak edənlərin sayı artmaqda davam edir. 2026-cı ilin üçüncü rübünün yekunlarına əsasən, ölkədə unikal investorların sayı 185 mini ötüb.
1business.media xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzinin (MDM) açıqladığı məlumatda bildirilir.
Məlumata görə, sentyabrın sonuna Azərbaycanda ümumilikdə 185 148 unikal investor qeydə alınıb. Bu, ikinci rübün sonu ilə müqayisədə 1 590 nəfər çoxdur.
Hesabat dövründə depo hesablarının sayı 196,7 minə çatıb. Ötən rüblə müqayisədə artım 1 964 hesab və ya təxminən 1 faiz təşkil edib.
Aktiv investorların sayı 26 939 nəfərdir
Üçüncü rübün sonuna ölkədə aktiv investorların sayı 26 939 nəfər olub. Onların 26 773-ü fiziki, 166-sı isə hüquqi şəxslərdir.
Yeni investorların cəlb olunması baxımından rüb ərzində 1 591 nəfər qeydə alınıb. Onlardan 1 584-ü fiziki, 7-si hüquqi şəxsdir.
Yeni investorların yaş bölgüsündə 18-36 yaş qrupu üstünlük təşkil edib. Bu kateqoriyada 827 nəfər qeydə alınıb. 36-54 yaş qrupunda 533, 54-72 yaş qrupunda 186, 72-90 yaş qrupunda 36 investor var. 18 yaşadək investorların sayı isə 2 nəfər olub.
İnvestorların 72 faizi kişilərdir
Yeni investorların 72 faizini kişilər, 28 faizini qadınlar təşkil edib.
Aktiv investorlar arasında da kişilərin payı yüksəkdir. Onların 67 faizi kişi, 33 faizi qadındır. Yaş qrupları üzrə ən çox aktiv investor 36-54 yaş aralığında qeydə alınıb. Bu qrupda 10 037 nəfər var.
Depozit hesablarının açılması zamanı məsafədən xidmətə üstünlük verilib. Üçüncü rübdə elektron qaydada 1 587, ənənəvi üsulla isə 378 hesab açılıb.
Regional bölgüdə Bakı 1 157 hesabla ilk sırada qərarlaşıb. Sumqayıtda 85, Gəncədə 60, Abşeron rayonunda 47, Lənkəranda isə 36 hesab açılıb. Digər regionların payına 741 hesab düşüb.
