PAŞA Həyat Sığortanın depozitləri 50% artıb – Aktivləri isə azalıb
1business.media xəbər verir ki, “PAŞA Həyat Sığorta” ASC-nin 2026-cı ilin üçüncü rübünün yekunlarına əsasən, depozitləri ötən ilin eyni dövrü ilə müqayisədə 50,1 faiz artaraq 168 milyon 478 min manata çatıb.
2025-ci ilin sentyabr ayının sonunda şirkətin depozitləri 112 milyon 231 min manat olub. Bir il ərzində depozitlər 56 milyon 247 min manat artıb.
Depozitlərin investisiya aktivlərində payı da yüksəlib. Bu göstərici 2025-ci ilin eyni dövründə 17,1 faiz olduğu halda, 2026-cı ilin sentyabrının sonunda 27,9 faizə çatıb.
Şirkətin milli valyutada hesablaşma vəsaitləri 70 milyon 439 min manat təşkil edib. Bu məbləğ illik müqayisədə 6,7 faiz artıb.
İnvestisiya aktivləri 8,1% azalıb
2026-cı il sentyabrın 30-na “PAŞA Həyat Sığorta”nın investisiya aktivləri 604 milyon 218 min manat olub. Ötən ilin eyni dövründə bu göstərici 657 milyon 446 min manat təşkil edib.
Beləliklə, investisiya aktivləri 53 milyon 228 min manat və ya 8,1 faiz azalıb.
İnvestisiya portfelinin əsas hissəsini istiqrazlar təşkil edib. İstiqrazların balans dəyəri 424 milyon 514 min manat olub. Bir il əvvəl bu rəqəm 533 milyon 947 min manat idi. Nəticədə istiqraz investisiyalarında 109 milyon 433 min manat və ya 20,5 faiz azalma qeydə alınıb.
Səhmlərə yatırılan investisiyaların balans dəyəri isə dəyişməyərək 10 milyon 131 min manat səviyyəsində qalıb.
Ümumi aktivlər 56 milyon manat azalıb
Şirkətin pul vəsaitləri və onların ekvivalentləri 96 milyon 449 min manat təşkil edib. Bu göstərici illik müqayisədə 6,4 faiz azalıb.
Xarici valyutada hesablaşma vəsaitləri də 29,8 faiz azalaraq 25 milyon 947 min manata düşüb.
2026-cı il sentyabrın 30-na “PAŞA Həyat Sığorta”nın ümumi aktivləri 769 milyon 507 min manat olub. Ötən ilin eyni dövründə bu göstərici 825 milyon 667 min manat təşkil edib.
Beləliklə, şirkətin ümumi aktivləri bir il ərzində 56 milyon 160 min manat və ya 6,8 faiz azalıb.
