BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Statistika

Dövlət büdcəsindən 6 ayda 16,8 milyard manat xərclənib – Ən çox pul hara gedib?

 Dövlət büdcəsindən 6 ayda 16,8 milyard manat xərclənib – Ən çox pul hara gedib?

1business.media xəbər verir ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycanın dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 320,1 milyon manat və ya 1,9 faiz azdır.

Büdcə xərclərinin 11 milyard 642,5 milyon manatı cari, 4 milyard 188,2 milyon manatı əsaslı xərclərin payına düşüb. Dövlət borcuna xidmət üçün isə 944,8 milyon manat xərclənib.

Ən çox vəsait müdafiəyə ayrılıb

Büdcə xərclərinin funksional bölgüsünə görə ən böyük məbləğ müdafiə və milli təhlükəsizlik sahəsinə yönəldilib. Bu istiqamətdə 3 milyard 437,4 milyon manat xərclənib.

İqtisadi fəaliyyətə 2 milyard 578 milyon manat, təhsilə 2 milyard 400,1 milyon manat, sosial müdafiə və sosial təminata 2 milyard 359,8 milyon manat, ümumi dövlət xidmətlərinə isə 2 milyard 339,5 milyon manat ayrılıb.

Məhkəmə və hüquq-mühafizə orqanlarına 1 milyard 403,7 milyon manat, səhiyyəyə 591,6 milyon manat, kənd təsərrüfatına 527,3 milyon manat vəsait yönəldilib. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti üzrə xərclər 217,9 milyon manat olub.

Əməkhaqqına 5,6 milyard manat xərclənib

İqtisadi təsnifata əsasən, büdcə xərclərində ən böyük pay əməyin ödənişinə düşüb. Bu məqsədlə 5 milyard 608,5 milyon manat sərf olunub.

Qeyri-maliyyə aktivlərinə 3 milyard 983,1 milyon manat, malların satın alınmasına 2 milyard 324,6 milyon manat, sosial ödənişlərə isə 1 milyard 643,2 milyon manat yönəldilib.

Qrantlar və digər ödənişlərə 1 milyard 599,7 milyon manat, subsidiyalara 483,2 milyon manat, faiz ödənişlərinə isə 467,4 milyon manat xərclənib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05