Mərkəzi Bank 8,5 milyard dollarlıq profisit gözləyir – Bu nə deməkdir?
1business.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə ölkənin cari əməliyyatlar hesabında 8,5 milyard ABŞ dolları həcmində profisit yaranacağını proqnozlaşdırır. Bu göstərici ÜDM-in 10 faizindən çoxuna bərabərdir.
Mərkəzi Bankın yenilənmiş proqnozuna görə, 2027-ci ildə cari əməliyyatlar hesabında 5,4 milyard dollar və ya ÜDM-in 6 faizindən çoxu həcmində profisit gözlənilir. İyul proqnozunda 2026-cı il üçün 6,1 milyard dollar, 2027-ci il üçün isə 5,2 milyard dollar profisit nəzərdə tutulmuşdu.
Cari əməliyyatlar hesabı nədir?
Cari əməliyyatlar hesabı ölkənin xarici dünya ilə mal və xidmət ticarətini, xaricdən əldə olunan və xaricə ödənilən gəlirləri, eləcə də pul köçürmələrini əhatə edir.
Ölkənin xaricdən əldə etdiyi vəsait xaricə etdiyi ödənişlərdən çox olduqda cari əməliyyatlar hesabında profisit yaranır. Bu, ölkəyə xarici valyuta daxilolmalarının daha yüksək olduğunu göstərən əsas göstəricilərdən biridir.
Mərkəzi Bank proqnozun yüksəldilməsini əsas ixrac məhsullarının qiymətlərinin yüksək qalması və qeyri-neft-qaz mal və xidmətlərinin ixracında müsbət meyillərin davam etməsi ilə əlaqələndirib.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətində 10,5 milyard dollar müsbət saldo qeydə alınıb. Eyni dövrdə ölkəyə daxil olan və ölkədən çıxan pul baratları arasındakı fərq 70 faiz artaraq 830,5 milyon dollara çatıb.
Cari əməliyyatlar hesabındakı yüksək profisit ölkənin xarici ödəniş qabiliyyətinin güclü qalmasına, valyuta daxilolmalarının artmasına və xarici sektor üzrə müsbət balansın qorunmasına şərait yarada bilər.
Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin 9 ayında qurumun valyuta ehtiyatları 33,4 faiz artaraq 15,4 milyard dollara yüksəlib.
