Qızılın qiyməti son 18 ilin ən kəskin aylıq enişini yaşayıbDünya bazarında qızılın qiyməti oktyabr ayında kəskin ucuzlaşıb. Qiymətli metalın dəyərində baş verən geriləmə 2008-ci il maliyyə böhranından bəri oktyabr ayları üzrə ən ciddi eniş kimi qiymətləndirilir.
1business.media xəbər verir ki, Dünya Qızıl Şurasının məlumatına görə, oktyabrda qızılın bir troya unsiyasının qiyməti 3 913 dollara düşüb. Bu, aylıq müqayisədə 6,3 faiz azalma deməkdir. Digər bazar məlumatlarında eniş 7 faizdən çox göstərilir.
Qiymətlərin aşağı düşməsinə bir neçə amil təsir edib:
- ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilər;
- Neft qiymətlərinin yüksəlməsi və inflyasiya narahatlığı;
- İnvestorların qızıldan çıxaraq istiqrazlara yönəlməsi;
- Bazarda spekulyativ mövqelərin azaldılması.
Oktyabrın 30-da qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 876 dollara qədər geriləyib.
Mütəxəssislərin fikrincə, faiz dərəcələrinin yüksəlməsi ehtimalı gəlir gətirməyən aktiv olan qızıla tələbi zəiflədir. Bu da qiymətli metalın bazar dəyərinə təzyiq göstərir.
