Azərbaycanın fındıq ixracından gəliri 16 faiz artıb – Satış həcmi isə azalıbAzərbaycan bu ilin ilk 9 ayında xaricə 116,5 milyon dollar dəyərində meşə fındığı satıb. Gəlirlər artsa da, ixrac olunan məhsulun fiziki həcmi azalıb.
1business.media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədən 11,25 min ton meşə fındığı ixrac edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 min ton və ya 16 faiz azdır. Buna baxmayaraq, ixracın dəyəri 16,1 milyon dollar artaraq 116,5 milyon dollara çatıb. Beləliklə, gəlirlərdə 16 faizdən çox artım qeydə alınıb.
Hesabat dövründə meşə fındığının ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,4 faizini təşkil edib.
Azərbaycanın xarici ticarət dövriyyəsi də artıb
2026-cı ilin ilk 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 211 milyon dollar olub. Bunun 23 milyard 865 milyon dolları ixracın, 13 milyard 346 milyon dolları isə idxalın payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 28,3 faiz artıb, idxal isə 20,4 faiz azalıb. Xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb.
