Qazaxıstanda 3,1 milyard dollarlıq xüsusi iqtisadi zona yaradılırQazaxıstanın Abay vilayətində 3,1 milyard dollardan çox investisiya cəlb edilməsi nəzərdə tutulan yeni xüsusi iqtisadi zona yaradılacaq. Layihənin minlərlə yeni iş yerinin açılmasına şərait yaradacağı gözlənilir.
1business.media xəbər verir ki, “Semey” adlanacaq xüsusi iqtisadi zonanın yaradılması barədə qərarı ölkənin Baş naziri Oljas Bektenov imzalayıb.
600 hektar ərazini əhatə edəcək zona Janasemey rayonunda yerləşəcək. Burada yüksək texnologiyalı və ixracyönümlü istehsal müəssisələrindən ibarət sənaye kompleksi qurulacaq.
Layihələrə ümumilikdə 1,4 trilyon tengə, yəni təxminən 3,13 milyard dollar investisiya yatırılması proqnozlaşdırılır. Yeni müəssisələrin fəaliyyətə başlaması nəticəsində təxminən 14 min daimi iş yerinin yaradılması planlaşdırılır.
Layihə logistika infrastrukturunun inkişafını, istehsal müəssisələri arasında əlaqələrin qurulmasını və yerli, eləcə də xarici investorlar üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.
“Semey” zonasının fəaliyyətə başlaması ilə Qazaxıstanın 15 regionunda xüsusi iqtisadi zonaların sayı 19-a çatacaq.
