
Azərbaycanın istehsal etdiyi bərpaolunan elektrik enerjisinin Gürcüstan və Qara dəniz üzərindən Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan “Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ümumi investisiya dəyəri təxminən 22 milyard avro qiymətləndirilir.
1business.media xəbər verir ki, Layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən təsdiqlənib. Layihə hazırda tərtibat mərhələsinə keçir.
İnvestisiyanın 14,3 milyard avrosu elektrik enerjisinin ötürülməsi infrastrukturunun yaradılmasına, 7,8 milyard avrosu isə bərpaolunan enerji istehsalı güclərinin qurulmasına yönəldiləcək.
Dəhlizin ümumi ötürmə gücü 3,9 QVt olacaq. Sistem hər birinin gücü 1,3 QVt olan üç elektrik xəttindən ibarət nəzərdə tutulub.
Proqnozlara əsasən, 2032-ci ildə birinci xəttin istifadəyə verilməsi ilə Avropaya ildə 8 TVt·saat bərpaolunan elektrik enerjisi ixrac ediləcək. 2040-cı ilədək bu göstəricinin 20 TVt·saata yüksələcəyi gözlənilir.
Layihənin daxili gəlirlilik normasının 11,7% olacağı hesablanıb. Elektrik enerjisinin ötürülməsi nəticəsində əldə olunan gəlirlərin 2032-ci ildən etibarən ildə 315 milyon avronu keçəcəyi proqnozlaşdırılır.
Dəhlizin iqtisadi səmərəsinin də mərhələli şəkildə artacağı gözlənilir. 2032-ci ildə birinci xəttin istifadəyə verilməsindən sonra illik iqtisadi səmərənin 860 milyon avro, 2036-cı ildə ikinci xəttin işə düşməsi ilə 1,8 milyard avro, 2040-cı ildə üçüncü xəttin istifadəyə verilməsi ilə isə 3 milyard avrodan çox olacağı bildirilir.
Layihənin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək karbon qazı emissiyalarının ildə təxminən 3,6 milyon ton azaldılması gözlənilir.
“Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirak etdiyi transsərhəd enerji layihəsidir. Layihə üzrə işlər 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan Strateji Tərəfdaşlıq Sazişi əsasında başlanıb.
Layihəni dörd ölkənin milli elektrik şəbəkəsi operatorlarının yaratdığı “Green Energy Corridor Power Company” (GECO) birgə şirkəti hazırlayır. Şirkətdə “AzərEnerji”, “Georgian State Electrosystem”, “Transelectrica” və “MVM” şirkətlərinin hər birinin payı 25% təşkil edir.
