1business.media xəbər verir ki, Böyük Britaniyada aparılan araşdırmaya görə, qadın investorlar kişilərdən daha az investisiya etsələr də, uzunmüddətli dövrdə daha yüksək gəlir əldə edirlər.
“Fidelity International”ın məlumatına əsasən, üç il ərzində qadın investorların ümumi gəlirliliyi 50%, kişilərdə isə 47% olub.
Bununla belə, Böyük Britaniyada qadınların yalnız 26%-i investisiya edir. Kişilərdə bu göstərici 41% təşkil edir. 45 yaşdan aşağı şəxslər arasında isə qadınların 23%-i, kişilərin 40%-i investisiya yatırır.
Ekspertlər qadınların daha yüksək gəlir əldə etməsini onların daha ehtiyatlı investisiya davranışı ilə əlaqələndirirlər. “Barclays”ın məlumatlarına görə, qadınlar kişilərlə müqayisədə təxminən iki dəfə az alqı-satqı əməliyyatı aparırlar.
Araşdırmada qeyd olunur ki, kişilər aktivləri daha tez-tez dəyişməyə meyilli olduğu halda, qadınlar investisiyalarını daha uzun müddət saxlamağa üstünlük verirlər.
Mütəxəssislər qadınların investisiya bazarında daha az təmsil olunmasına əməkhaqqı fərqləri, sosial amillər və maliyyə qərarlarının ənənəvi olaraq kişilərlə əlaqələndirilməsinin təsir etdiyini bildirirlər.
