1business.media xəbər verir ki, Bakıda yeni tikililərin satış qiyməti ilə tikinti xərcləri arasında ciddi fərq var.
Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, 2026-cı ilin sentyabrında paytaxtda yeni tikililərin orta təklif qiyməti 1 kvadratmetr üçün 2 628 manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% çoxdur.
Palatanın hesablamasına əsasən, 16 mərtəbəli və ümumi sahəsi 10 min kvadratmetr olan binanın torpaq nəzərə alınmadan tikinti maya dəyəri 409,3 manat/kvadratmetr təşkil edir.
Torpaq, lift, mühəndis sistemləri, ƏDV, maliyyələşdirmə və digər xərclər əlavə edildikdə tam hazır binanın tikinti dəyəri təxminən 850 manat/kvadratmetr olur.
Hazırda Bakının bəzi ərazilərində yeni tikililərin 1 kvadratmetri 2 500–3 000 manat, mərkəzi ərazilərdə isə 3 500 manat və daha yüksək qiymətə təklif edilir.
Beləliklə, mənzillərin satış qiymətində tikinti xərclərindən əlavə torpaq, vergi, satış və maliyyələşdirmə xərcləri, eləcə də tikinti şirkətlərinin gəlir marjası mühüm rol oynayır.
Tikinti xərclərinin artımında əsas payı isə materialların bahalaşması təşkil edir.
