Ağdamda 130 min ədəd döşək istehsal edəcək müəssisə açıldıPrezident İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib.
1business.media xəbər verir ki, “Komfy” MMC-yə 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin illik istehsal gücü 130 min ədəd döşək təşkil edir.
Zavodda müxtəlif ölçü və sərtlik dərəcəsinə malik ortopedik döşəklər, eləcə də bonel və paket yay sistemləri istehsal olunacaq. Müəssisədə Azərbaycanda ilk dəfə “roll-pack” texnologiyası ilə sıxılaraq rulon şəklində qablaşdırılan döşəklərin buraxılması nəzərdə tutulur. Bu üsul daşınma xərclərini azaltmağa və ixrac imkanlarını genişləndirməyə imkan verəcək.
İstehsal müəssisəsində 65 nəfər daimi işlə təmin ediləcək. Yerli və xarici hotellərin tələblərinə uyğun məhsulların hazırlanması da planlaşdırılır.
Layihənin ümumi dəyəri 2,5 milyon manatdır. Maliyyələşmədə özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun dövlət zəmanəti ilə ayırdığı 700 min manat kreditdən istifadə olunub. Müəssisə 114 min manatlıq ƏDV və gömrük rüsumu güzəştlərindən yararlanıb.
Ağdam Sənaye Parkında hazırda 39 müəssisə qeydiyyata alınıb. Parkda həyata keçirilən layihələr üzrə 1000-dən çox insan işlə təmin edilib.
