BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

2027-ci ildən vergilər dəyişir: Kim daha çox, kim daha az vergi ödəyəcək?

 2027-ci ildən vergilər dəyişir: Kim daha çox, kim daha az vergi ödəyəcək?
2027-ci il yanvarın 1-dən Azərbaycanda bir sıra vergi dəyişikliklərinin qüvvəyə minməsi təklif olunur. Yeni qaydalar əməkhaqqı, kənd təsərrüfatı, taksi fəaliyyəti, kuryer xidmətləri, ticarət və digər sahələri əhatə edir.
 
1business.media xəbər verir ki, təklif olunan dəyişikliklərə əsasən, qeyri-neft özəl sektorunda çalışan və aylıq vergiyə cəlb olunan gəliri 2 500 manatadək olan şəxslər üçün gəlir vergisi dərəcəsinin 3 faizdən 5 faizə qaldırılması nəzərdə tutulur. 200 manatlıq vergi güzəşti isə saxlanılır.
 
Məsələn, aylıq əməkhaqqı 1 500 manat olan şəxsin ödədiyi gəlir vergisi hazırkı 39 manatdan 65 manata yüksələ bilər. Bu, ay ərzində 26 manat, il ərzində isə 312 manat əlavə vergi deməkdir.
 
Aylıq vergiyə cəlb olunan gəliri 2 500–8 000 manat arasında olan şəxslər üçün 125 manat və 2 500 manatdan artıq hissənin 10 faizi, 8 000 manatdan çox gəlir əldə edənlər üçün isə 675 manat və artıq hissənin 14 faizi həcmində vergi hesablanması təklif edilir.
 
Kənd təsərrüfatı sahəsində də dəyişiklik planlaşdırılır. Fermerlərin kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdiyi gəlirlərə tətbiq olunan vergi güzəştinin 100 faizdən 90 faizə endirilməsi nəzərdə tutulur.
 
Taksi fəaliyyəti ilə məşğul olan və operatorlar vasitəsilə xidmət göstərən şəxslər üçün gəlirdən 1 faiz sadələşdirilmiş vergi tətbiqi təklif olunur. İşçisi olmayan fərdi kuryerlərin isə ayda 15 manat sadələşdirilmiş vergi ödəməsi planlaşdırılır.
 
Gözəllik salonları və bu sahədə çalışan sahibkarlar üçün də yeni vergi mexanizmi nəzərdə tutulur. Təklifə əsasən, nağd dövriyyəyə 8 faiz, nağdsız dövriyyəyə isə 6 faiz sadələşdirilmiş vergi tətbiq edilə bilər.
 
Şərtlərə cavab verən və azı iki il fəaliyyət göstərən kiçik sahibkarlıq subyektləri üçün hesablanmış gəlir və ya mənfəət vergisinin 25 faizi həcmində güzəştin beş il müddətinə tətbiqi təklif olunur.
 
Vergi dəyişiklikləri istehlak bazarına da təsir edə bilər. Yerli istehsal olan şəkərli mineral və qazlı içkilərin hər litrinə 10 qəpik, çipsinin hər kiloqramına isə 1 manat aksiz vergisi tətbiq edilməsi nəzərdə tutulur.
 
Nağdsız ödənişlərə görə bəzi alışlarda 0,9 faiz həcmində keşbek mexanizminin tətbiqi də təkliflər arasındadır. Bu güzəşt bütün alışlara deyil, müəyyən edilmiş şərtlərə cavab verən əməliyyatlara şamil olunacaq.
 
Vergilərin gecikdirilməsinə görə hesablanan gündəlik faiz dərəcəsinin 0,1 faizdən 0,05 faizə endirilməsi planlaşdırılır. Maliyyə sanksiyasını 10 iş günü ərzində ödəyənlərə isə 10 faiz güzəşt nəzərdə tutulur.
 
Turizm sahəsində fəaliyyət göstərən hotel və sanatoriyalar üçün xarici turistlərə göstərilən xidmətlərdən əldə olunan mənfəətə vergi güzəşti təklif edilir. İkinci əl mənzillərin və müəyyən şərtlərə uyğun avtomobillərin alqı-satqısında ƏDV-nin tam satış qiymətindən deyil, ticarət əlavəsindən hesablanması da nəzərdə tutulur.
 
Təklif olunan dəyişikliklərə görə, kirayə gəliri əldə edən fiziki şəxslər sənədlərlə təsdiqlənən xərclərini gəlirdən çıxmaq imkanına malik ola bilərlər.
 
Vergi Məcəlləsinə dəyişikliklər layihəsi hələ qəbul edilməyib. Təkliflər qanunvericilikdə təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05