Lotereya və mərc oyunlarında 500 manatdan yuxarı uduşlara vergi ləğv edilə bilərAzərbaycanda lotereya və idman mərc oyunlarından 500 manatdan çox qazanan şəxslərin uduşlarına tətbiq edilən 10 faizlik gəlir vergisinin ləğvi təklif olunur.
1business.media xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.
Hazırda lotereya və idman mərc oyunlarında 500 manatadək uduşlar gəlir vergisindən azaddır. Bu məbləği aşan uduşların isə 10 faizi vergi tutulur.
Layihəyə əsasən, stimullaşdırıcı lotereyalardan əldə edilən uduşlar istisna olmaqla, 500 manatdan yuxarı uduşlara tətbiq olunan verginin ləğvi və ya bu sahədə vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.
Dəyişiklik çərçivəsində lotereya və mərc operatorları üçün də yeni vergi mexanizmi təklif edilir. Onlara mövcud dövriyyədən 6 faiz sadələşdirilmiş vergi rejimini saxlamaqla, yaxud GGR modeli əsasında xalis gəlirdən 22 faiz vergi ödəmək imkanı verilməsi planlaşdırılır.
GGR modeli operatorun ümumi dövriyyəsindən oyunçulara verilən uduşlar çıxıldıqdan sonra qalan məbləğin vergiyə cəlb edilməsini nəzərdə tutur.
Təklif olunan dəyişikliklərin məqsədi qanuni mərc platformalarının rəqabət qabiliyyətini qorumaq, oyunçuların lisenziyalı operatorlara marağını artırmaq və qeyri-rəsmi bazarın payını azaltmaqdır.
Dəyişikliklər hələ təklif mərhələsindədir və qüvvəyə minməsi üçün qanunvericilik qaydasında qəbul edilməlidir.
