BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Dövlət xidmətlərində pozuntulara görə 1 050 manatadək cərimə

 Dövlət xidmətlərində pozuntulara görə 1 050 manatadək cərimə

1xeber.media xəbər verir ki, Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi zamanı qanunvericiliyin tələblərini pozan vəzifəli şəxslər üçün 1 050 manatadək yeni cərimələr müəyyənləşdirilir. Təklif Milli Məclisdə müzakirə olunan qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət xidmətlərinin göstərildiyi informasiya sistemlərində aparılan yeniliklər barədə istifadəçilərin elektron qaydada məlumatlandırılmamasına görə 250–350 manat cərimə tətbiq ediləcək.

Dövlət xidmətlərinin göstərilməsi qaydaları barədə məlumat verməyən vəzifəli şəxslər 350–450 manat, elektron xidmətlər üzrə dövlət rüsumu və xidmət haqlarının onlayn ödənilməsi imkanını təmin etməyənlər isə 450–550 manat cərimələnəcək.

İstifadəçinin müraciətinə uyğun olaraq inzibati aktın, texniki sənədin və ya digər hüquqmüəyyənedici sənədin təqdim edilməməsinə görə cərimə 550–650 manat təşkil edəcək.

Xidmətin göstərilməsindən imtinanın və ya dayandırılmasının hüquqi əsası, eləcə də şikayət hüququ barədə məlumat verilməməsinə görə 650–750 manat cərimə nəzərdə tutulur.

Əlilliyi olan şəxslərlə bağlı tələb

Əlilliyi olan şəxslərin dövlət xidmətlərindən istifadəsi üçün lazımi şərait yaradılmadıqda və ya qanunda nəzərdə tutulan hallarda səyyar xidmət göstərilmədikdə vəzifəli şəxslər 750–850 manat cərimə edilə bilər.

Dövlət xidməti barədə məlumatlar Elektron Reyestrə daxil edilmədən xidmət göstərildikdə 850–950 manat cərimə tətbiqi təklif olunur.

Dövlət xidmətinin qanunvericiliyin tələblərinə uyğun göstərilməməsinə və ya xidmətin nəticəsi barədə istifadəçinin məlumatlandırılmamasına görə isə cərimə 950–1 050 manat olacaq.

Qanun layihəsi Milli Məclisdə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05