Qazaxıstanda varlılara daha yüksək vergi təklif olunur
1business.media xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev böyük sərvətə malik şəxslər üçün daha yüksək vergi dərəcələrinin tətbiqinin müzakirə edilməsini təklif edib.
Tokayev oktyabrın 28-də xalqa müraciəti zamanı bildirib ki, iri sərvət sahiblərinin dövlət büdcəsinə daha çox töhfə verməsi məsələsinə baxmağın vaxtıdır. Prezident hökumətə və Qurultaya bununla bağlı təkliflər hazırlamağı tapşırıb.
Təklifin qanuni yollarla əldə edilmiş aktivlərin məhdudlaşdırılmasını nəzərdə tutmadığı qeyd olunub. Yeni verginin konkret dərəcəsi, hansı sərvət həddindən tətbiq ediləcəyi və qüvvəyə minmə tarixi isə hələ açıqlanmayıb.
Qazaxıstanda yüksək gəlirlər üçün artıq diferensial gəlir vergisi tətbiq edilir. 2026-cı il yanvarın 1-dən illik vergiyə cəlb olunan gəlirin 36,76 milyon tengedən yuxarı hissəsinə 15 faiz, bu həddədək olan hissəsinə isə 10 faiz vergi tutulur.
Tokayev vergi sistemində şəffaflığın artırılmasını, rəqəmsal texnologiyalardan istifadəni və kölgə iqtisadiyyatının azaldılmasını da prioritet kimi göstərib.
