BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İnvestisiya

Qarabağın iki sənaye parkına 132 milyon dollardan çox investisiya yatırılıb

 Qarabağın iki sənaye parkına 132 milyon dollardan çox investisiya yatırılıb
 
Ağdam və Cəbrayılda yerləşən sənaye parklarına yatırılan investisiyalar regionun iqtisadi inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verir.
 
Ağdam Sənaye Parkı və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına yatırılan investisiyaların ümumi həcmi 132,35 milyon dollara çatıb.
 
1business.media xəbər verir ki, 2026-cı ilin sentyabr ayına olan məlumata əsasən, hər iki sənaye parkında ümumilikdə 55 rezident qeydiyyata alınıb.
 
Ağdam Sənaye Parkına 102,94 milyon dollar investisiya yatırılıb. 190 hektar ərazini əhatə edən parkda 36 rezident və 3 qeyri-rezident fəaliyyət göstərir. Burada yaradılan iş yerlərinin sayı 1 043 nəfərdir.
 
Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına isə 29,41 milyon dollar sərmayə qoyulub. 200 hektar ərazisi olan sənaye parkında 19 rezident və 2 qeyri-rezident qeydiyyatdadır. Burada 136 nəfər işlə təmin olunub.
 
Ümumilikdə, iki sənaye parkında 1 179 iş yeri yaradılıb. İnvestisiyaların 77,8 faizi Ağdam Sənaye Parkının payına düşür.
 
Ağdam Sənaye Parkında qida və kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının, yüngül sənaye və kimya məhsullarının istehsalı əsas istiqamətlərdir.
 
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə logistika, anbar təsərrüfatı, kənd təsərrüfatı texnikası, maşınqayırma və metal emalı sahələrinin inkişafı nəzərdə tutulur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05