1business.media xəbər verir ki, 2026-cı ilin sentyabrında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 885 951 nəfərə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, həmin şəxslərin 478 354 nəfəri aylıq sosial müavinət, 407 597 nəfəri isə təqaüd alıb.
2025-ci ilin sentyabrında aylıq sosial müavinət alanların sayı 458,4 mindən, təqaüd alanların sayı isə 401,5 mindən çox olub. Bu rəqəmlərlə müqayisədə müavinət alanların sayı təxminən 4,4 faiz, təqaüd alanların sayı isə 1,5 faiz artıb.
Avqust ayı ilə müqayisədə də artım qeydə alınıb. Həmin ayda aylıq sosial müavinət və təqaüd alanların ümumi sayı 883 084 nəfər olub. Sentyabrda bu rəqəm 2 867 nəfər artıb.
DSMF-nin yanvar-sentyabr ayları üzrə məlumatına əsasən, doqquz ay ərzində 1 milyon 129 min şəxsə ümumilikdə 1 milyard 692 milyon manat müavinət və Prezident təqaüdü ödənilib.
Bu dövrdə 521 min nəfərə 951 milyon manat müavinət, 408 min nəfərə 609 milyon manat Prezident təqaüdü, 200 min nəfərə isə 132 milyon manat sosial sığorta hesabına müavinət verilib.
Doqquz ay ərzində 110 min müavinət və təqaüd təyinatı elektron sistem vasitəsilə proaktiv qaydada həyata keçirilib.
