“Şahdəniz”də hasilat azalacaq: 2027-ci il üçün proqnoz açıqlandıGələn il Azərbaycanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz”də həm təbii qaz, həm də kondensat hasilatının azalacağı gözlənilir.
1business.media xəbər verir ki, 2027-ci ilin dövlət büdcəsi zərfində əks olunan proqnoza əsasən, yataqda kondensat hasilatı 0,5 milyon barel və ya 1,7 faiz, təbii qaz hasilatı isə 0,2 milyard kubmetr və ya 0,7 faiz azalacaq.
Sənədə görə, 2027-ci ildə “Şahdəniz” layihəsi üzrə mənfəət vergisi daxilolmalarının 1 milyard 420 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin gözləntiləri ilə müqayisədə 180 milyon manat və ya 11,3 faiz azdır.
Vergi daxilolmalarının azalması yalnız hasilatın aşağı düşməsi ilə əlaqələndirilmir. Təbii qazın Avropa HUB bazarında qiymətinin də cari il üçün nəzərdə tutulan göstəricidən 30 dollar və ya 6,8 faiz aşağı götürülməsi bu proqnoza təsir göstərib.
2026-cı ildə yataq üzrə 30,3 milyon barel kondensat və 26,9 milyard kubmetr qaz hasilatı gözlənilir.
Bu ilin yanvar-sentyabr aylarında “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından ümumilikdə təxminən 20 milyard standart kubmetr qaz və 21 milyon barel kondensat hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 5 faiz, kondensat hasilatı isə 12,5 faiz azalıb.
Hazırda yatağın mövcud qurğularının illik qaz hasilatı gücü 28,8 milyard kubmetr təşkil edir.
