Avropada qaz bahalaşır: “Qazprom” 2500 dollarlıq qiymət gözləyir
1business.media xəbər verir ki, Avropada təbii qazın qiyməti yenidən kəskin artıb. Oktyabrın 30-da 1 000 kubmetr qazın qiyməti daha 5 faiz yüksələrək 1 200 dollara yaxınlaşıb.
“Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bildirib ki, qarşıdakı qış sərt keçərsə, Avropada qazın qiyməti 1 000 kubmetr üçün 2 500 dollara qədər yüksələ bilər.
Millerin sözlərinə görə, qazın qiyməti artıq oktyabr ayında 1 200 dollar həddini keçib. Halbuki bəzi Qərb analitikləri bu səviyyənin yalnız qışda tələbatın ən yüksək olduğu dövrdə qeydə alınacağını gözləyirdilər.
Avropanın əsas qaz ticarət mərkəzi olan Niderlandın TTF habında oktyabrın 28–30-da qiymətlər 100 avro/MVt-saat ətrafında dəyişib. Bu göstərici istilik dəyəri və valyuta məzənnəsindən asılı olaraq 1 000 kubmetr üçün təxminən 1 170–1 200 dollara bərabərdir.
Qaz qiymətlərinin daha da yüksəlməsi Avropadakı qaz ehtiyatlarının aşağı səviyyədə olması ilə əlaqələndirilir. Almaniyada yeraltı qaz anbarlarının doluluğu 61,6 faizdir. Avropa İttifaqı üzrə bu göstərici təxminən 75 faiz təşkil edir və 2011-ci ildən bəri ilin bu dövrü üçün ən aşağı səviyyədir.
Millerin qiymətləndirməsinə görə, qışın sərt keçməsi qaz istehlakını artıraraq ehtiyatların daha sürətlə azalmasına səbəb ola bilər. Bu halda qiymətlərin pik dövrdə 2 500 dollara, yəni təxminən 210 avro/MVt-saat səviyyəsinə yüksəlməsi mümkündür.
Avropada qazın bahalaşmasına Yaxın Şərqdə davam edən münaqişə də təsir edir. Hörmüz boğazından enerji daşıyıcılarının nəqlində yaranan fasilələr və mayeləşdirilmiş təbii qaz təklifinin məhdudlaşması Avropa ölkələri arasında alternativ tədarük mənbələri uğrunda rəqabəti gücləndirir.
İtaliyanın “Eni” şirkətinin nümayəndələri isə qaz qiymətlərinin 2022-ci ildəki rekord səviyyələrə qayıtmasını az ehtimal olunan ssenari hesab edirlər.
Avropada qaz qiymətlərinin yüksəlməsi Azərbaycanın ixrac gəlirlərinə də təsir göstərə bilər. Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan 18,4 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 8,6 milyard kubmetri Avropaya, 7 milyard kubmetri Türkiyəyə, 1,6 milyard kubmetri Gürcüstana, 1,2 milyard kubmetri isə Suriyaya tədarük olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ilk doqquz ayda 17,99 milyard kubmetr qazın ixrac dəyəri 6,45 milyard dollar olub. Hesablamalara görə, orta ixrac qiyməti 1 000 kubmetr üçün təxminən 358 dollar təşkil edib.
Mərkəzi Bankın sədri Taleh Kazımov daha əvvəl bildirmişdi ki, ixrac edilən qazın orta illik qiymətinin hər 1 000 kubmetr üzrə 50 dollar artması Azərbaycan iqtisadiyyatına təxminən 900 milyon dollar əlavə gəlir gətirə bilər.
Azərbaycan Mərkəzi Bankının iyul proqnozuna əsasən, ölkənin ixrac qazının orta illik qiyməti 2026-cı il üçün 327 dollar, 2027-ci il üçün isə 294 dollar səviyyəsində götürülüb.
