Azərbaycanda ticarətçilər satışların artacağını gözləyir
1business.media xəbər verir ki, 2026-cı ilin sentyabrında Azərbaycanda pərakəndə ticarət sektorunda inam indeksi 17,9 bənd təşkil edib. Bu göstərici ötən ilin eyni ayında 0,8 bənd olub. Beləliklə, illik müqayisədə inam indeksi 17,1 bənd yüksəlib.
Azərbaycan Mərkəzi Bankının (AMB) real sektorun monitorinqinə dair məlumatlarına görə, avqust ayında 18,7 bənd olan göstərici sentyabrda 17,9 bəndə enib.
Satış gözləntiləri kəskin yüksəlib
Pərakəndə ticarət müəssisələrinin növbəti üç ay üçün satış gözləntiləri sentyabrda 41,5 bəndə çatıb. Avqustda bu göstərici 19,4 bənd, ötən ilin sentyabrında isə 5,7 bənd olub.
Beləliklə, satış gözləntiləri aylıq müqayisədə 22,1 bənd, illik müqayisədə isə 35,8 bənd artıb.
Son üç ayda faktiki satışları əks etdirən göstərici isə avqustdakı 20,5 bənddən sentyabrda 13 bəndə düşüb. Göstərici ötən ilin sentyabrındakı 11,3 bənddən yüksək olaraq qalıb.
Ticarət müəssisələrinin mal ehtiyatları üzrə göstərici də yüksəlib. Avqustda -16,3 bənd olan göstərici sentyabrda 0,6 bənd təşkil edib.
Növbəti üç ay üzrə qiymət gözləntiləri isə avqustdakı 6,3 bənddən sentyabrda 2,4 bəndə enib. Ötən ilin eyni ayında bu göstərici -7,4 bənd olub.
AMB pərakəndə ticarət sektorunda inam indeksini faktiki satışlar, mal ehtiyatlarının dəyişməsi və gələcək satış gözləntiləri əsasında hesablayır. İndeksin müsbət olması ticarət müəssisələrinin biznes vəziyyətinə dair qiymətləndirmələrində müsbət meyillərin üstünlük təşkil etdiyini göstərir.
