1business.media xəbər verir ki, sökülən ev və obyektlərə görə kompensasiyanın hesablanması üçün vahid və açıq meyarların müəyyənləşdirilməsi təklif olunub.
Təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin iclasında çıxış edib. O bildirib ki, qanunvericilikdəki boşluqlar və qeyri-müəyyənlik kompensasiya mübahisələrinə, mülkiyyət hüquqları ilə bağlı problemlərə və tikinti layihələrinin uzanmasına səbəb olur.
Təklifə əsasən, Nazirlər Kabineti tərəfindən qiymətləndirmə şkalası, bazar qiymətlərinin tətbiqi qaydası, ərazilər üzrə fərqli tariflər və inflyasiya ilə tikinti xərclərində dəyişiklik olduqda kompensasiyanın yenilənməsi mexanizmi müəyyən edilməlidir.
Sökülən əmlakın əvəzinə veriləcək mənzilin sahəsi, otaq sayı, yaşayış və qeyri-yaşayış sahələrinin fərqi, yeni mənzilin keyfiyyəti və təhvil müddətinin də qanunvericilikdə dəqiq göstərilməsi təklif olunur.
Zahid Oruc faktiki sahənin ölçülməsi məsələsinə də diqqət çəkib. Balkon, zirzəmi, yardımçı otaq, eyvan, hasar və sonradan artırılmış hissələrin ayrıca qiymətləndirilməsi, müstəqil ölçmə və elektron aktlaşdırma mexanizmlərinin tətbiqi təklif edilir.
Komitə sədrinin sözlərinə görə, evin və ya obyektin dəyəri ilə yerləşdiyi torpağın dəyərinin hesablanması da şəffaf qaydalarla tənzimlənməlidir.
