Dövlət xidmətlərində süni intellekt dövrü: RİNN “Wonderful”la anlaşma imzaladı
1business.media xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə “Wonderful” şirkəti arasında süni intellekt həlləri və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd “Wonderful” platforması əsasında süni intellekt həllərinin nazirliklərdə, dövlət qurumlarında və dövlət müəssisələrində tətbiqi imkanlarının araşdırılmasını nəzərdə tutur. Əsas məqsəd dövlət xidmətlərinin daha sürətli və əlçatan göstərilməsi, eləcə də vətəndaşların və biznes subyektlərinin ehtiyaclarına uyğunlaşdırılmasıdır.
Dövlət qurumları üçün vahid süni intellekt platforması
Memoranduma əsasən, vətəndaşlara, biznes subyektlərinə və dövlət qurumlarına xidmət göstərəcək ortaq süni intellekt platformasının yaradılması planlaşdırılır.
Platformanın Azərbaycanın “Hökumət buludu”nda (G-Cloud) yerləşdirilməsi nəzərdə tutulur. Tərəflər yüksək təsir potensialına malik tətbiq sahələrini müəyyənləşdirəcək və uğurlu həllərin digər dövlət qurumlarında da geniş tətbiqi imkanlarını araşdıracaqlar.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib ki, süni intellektin əsas dəyəri dövlət idarəçiliyinin səmərəliliyini artırmaq və insanların dövlət xidmətlərinə çıxışını yaxşılaşdırmaq imkanları ilə ölçülür.
Süni intellekt hansı sahələrdə tətbiq oluna bilər?
Memorandumdan sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və bir sıra dövlət qurumlarının iştirakı ilə süni intellekt üzrə dəyirmi masa keçirilib.
Tədbirdə “Wonderful” tərəfindən müxtəlif dövlət xidmətləri üçün nəzərdə tutulan süni intellekt həlləri təqdim olunub. Nümayiş etdirilən istiqamətlər arasında yaşayış yeri ilə bağlı müraciətlərin yoxlanılması, idxal sənədlərinin təsdiqlənməsi, ailələr üçün Azərbaycan dilində anonim köməkçi, “mygov” xidmətləri üzrə səsli dəstək və ictimai nəqliyyat sərnişinlərinə yardım yer alıb.
Bu həllərin dövlət xidmətlərində proseslərin sadələşdirilməsi, xidmətlərin daha sürətli göstərilməsi və vətəndaş məmnuniyyətinin artırılmasına xidmət etməsi nəzərdə tutulur.
“Wonderful” Azərbaycanda fəaliyyətini genişləndirəcək
Tərəflər Azərbaycanda yerli potensialın gücləndirilməsi, bilik və təcrübə mübadiləsi və mütəxəssislərin bacarıqlarının inkişaf etdirilməsi üzrə də əməkdaşlıq edəcəklər.
“Wonderful” şirkəti Azərbaycanda yerli hüquqi şəxsin yaradılması, yerli mütəxəssislərin işə cəlb edilməsi və azərbaycanlı mütəxəssislərin təlimləndirilməsi də daxil olmaqla, uzunmüddətli investisiya yatırmağı planlaşdırır. Şirkət artıq Azərbaycanda ilk əməkdaşını işə qəbul edib.
Əməkdaşlığın əsas hədəflərindən biri süni intellekt həllərinin Azərbaycanın uzunmüddətli rəqəmsal inkişaf məqsədlərinə töhfə verməsi, yerli İKT sənayesinin inkişafına və texnologiya sektorunun beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsinə dəstək göstərilməsidir.
Memorandum Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının və 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planının məqsədləri ilə uyğunlaşdırılıb.
