BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Jurnalistlər üçün aqrar sahə üzrə maarifləndirici təlim keçirilib

 Jurnalistlər üçün aqrar sahə üzrə maarifləndirici təlim keçirilib

1business.media xəbər verir ki, 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə İmişli Şəkər Zavodunda jurnalistlər üçün maarifləndirici təlim təşkil olunub.

Təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə “Azərsun Holdinq” arasında əməkdaşlıq çərçivəsində keçirilib.

Tədbirin əsas məqsədi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas istiqamətləri barədə media nümayəndələrini məlumatlandırmaq və aqrar sahə üzrə bilikləri artırmaq olub.

Təlim zamanı “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov holdinqin fəaliyyəti, aqrar sektor və qida sənayesi ilə bağlı həyata keçirilən işlər barədə məlumat verib. O, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının aqrar sektorun inkişafındakı rolundan danışıb.

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə isə Dövlət Proqramının əsas müddəaları və prioritet istiqamətləri barədə təqdimatla çıxış edib.

Təqdimatda aqrar informasiya-məsləhət sisteminin formalaşdırılması, inteqrir bitki mühafizəsi tədbirlərinin genişləndirilməsi, zərərli orqanizmlərin aşkarlanması, kənd təsərrüfatı texnikasına texniki nəzarətin təkmilləşdirilməsi və heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması məsələləri diqqətə çatdırılıb.

Təlimdə aqrar sahədə istifadə olunan termin və anlayışların düzgün tətbiqi məsələsinə də yer verilib. Aqrar Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Murtuzəli Hacıyev media nümayəndələri üçün “Aqrar sahə ilə bağlı biliklərin artırılması: aqrar terminlər və anlayışlar” mövzusunda təqdimat edib.

Təqdimatda aqrar terminlərin düzgün anlaşılması və xəbərlərdə dəqiq işlədilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda iştirakçıların əldə etdiyi biliklərin yoxlanılması məqsədilə aqrar sahə üzrə quiz keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05