Azərbaycanda minimum saatlıq əməkhaqqı sistemi tətbiq ediləcəkAzərbaycanda bəzi işçilərin əməkhaqqısının saat hesabı ilə müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni sistem qısamüddətli əmək müqaviləsi ilə çalışan və həftədə 20 saatadək işləyən şəxsləri əhatə edə bilər.
1business.media xəbər verir ki, bu məsələ Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, saatlıq əməkhaqqı müvafiq siyahıya daxil edilən iqtisadi fəaliyyət sahələrində tətbiq olunacaq. Bu sahələrdə bir aydan az müddətə əmək müqaviləsi bağlanan iş yerlərində, eləcə də həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edilən hallarda ödəniş saat hesabı ilə aparılacaq.
Siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur.
Yeni qaydaya görə, işçinin hər işlədiyi saat üçün aldığı məbləğ müəyyən ediləcək minimum saatlıq əməkhaqqından aşağı ola bilməz. Minimum saatlıq əməkhaqqının məbləği mövcud minimum aylıq əməkhaqqı əsasında hesablanan saatlıq tarifdən yüksək olmalıdır.
Natamam iş vaxtı ilə çalışan və aylıq maaş alan şəxslərin əməkhaqqı da işlədikləri vaxta mütənasib hesablanacaq. Onlara ödənilən məbləğ minimum aylıq əməkhaqqının müvafiq hissəsindən aşağı ola bilməz.
Dəyişikliyin məqsədi işçilərin faktiki işlədikləri vaxta uyğun ödəniş almasını təmin etmək, qısamüddətli və natamam iş rejimində çalışanların hüquqlarını qorumaqdır.
