Özəl sektorda maaşlardan vergi tutulması başladı – yeni qayda
1business.media xəbər verir ki, 2026-cı ildən neft-qaz sahəsində fəaliyyət göstərməyən özəl sektorda çalışan işçilərin əməkhaqlarından gəlir vergisi tutulmağa başlanılıb.
Dövlət Vergi Xidmətinin məlumatına görə, əvvəlki qaydalara əsasən 2019-cu il yanvarın 1-dən etibarən 7 il müddətində bu sektorda çalışan şəxslərin aylıq 8 000 manatadək gəlirləri gəlir vergisindən azad idi. Bu güzəşt müddəti başa çatdığından 2026-cı il yanvarın 1-dən yeni vergi mexanizmi tətbiq edilir.
Yeni qaydaya əsasən, aylıq gəliri 2 500 manatadək olan şəxslərin əməkhaqqından 2027-ci il yanvarın 1-dək 3 faiz vergi tutulacaq. 2027-ci ildən bu dərəcə 5 faizə, 2028-ci ildən isə 7 faizə yüksələcək.
Məsələn, özəl şirkətdə əmək müqaviləsi ilə çalışan və aylıq 1 500 manat maaş alan işçinin 2026-cı ilin yanvar ayından əməkhaqqından gəlir vergisi tutulması nəzərdə tutulur.
Vergi hesablanarkən Vergi Məcəlləsində müəyyən edilən azadolmalar da nəzərə alınır. Əməkhaqqından tutulan digər sığorta haqlarında isə bu dəyişikliklə əlaqədar dəyişiklik edilməyib.
Qeyd edək ki, yeni vergi qaydası neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərdə çalışan muzdlu işçilərə şamil olunur.
