Azərbaycanda dərman istehsalı təxminən iki dəfə artıb
Azərbaycanda əczaçılıq məhsullarının istehsalında ciddi artım qeydə alınıb. Bu ilin ilk doqquz ayında dərman istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə yüksəlib.
1business.media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda dərman istehsalı illik müqayisədə 92,8 faiz artıb.
Hesabat dövründə dərman istehsalının dəyəri 21,7 milyon manata çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici təxminən 11,3 milyon manat olub.
Ümumilikdə, əczaçılıq məhsullarının istehsalının dəyəri 32,9 milyon manat təşkil edib. Bu, illik müqayisədə 60,4 faiz artım deməkdir.
Yerli dərman istehsalı genişlənir
İstehsalın artmasında Pirallahı Sənaye Parkında həyata keçirilən yeni investisiya layihələrinin də əhəmiyyəti var. Burada fəaliyyətə başlayan “Gen Pharma Caucasus Manufacturing Operations” müəssisəsinin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsuldur.
Müəssisədə kardiologiya, nevrologiya, diabetologiya, urologiya və digər sahələr üzrə dərmanların istehsalı nəzərdə tutulub.
Layihə çərçivəsində növbəti beş il ərzində 500-dən artıq preparatın yerli istehsalının təşkil edilməsi planlaşdırılır. Məhsulların Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracı da nəzərdə tutulub.
Dərman istehsalının artması yerli əczaçılıq sənayesinin genişlənməsi və idxaldan asılılığın azaldılması baxımından əhəmiyyət daşıyır.
