Azərbaycanda 2025-ci ildə mal və xidmətlərin xarici ticarətindən əldə olunan xalis gəlir əhəmiyyətli dərəcədə azalıb.
1business.media xəbər verir ki, 2025-ci ildə Azərbaycanın mal və xidmət ixracının ümumi dəyəri 55 milyard 539,1 milyon manat olub. Bu göstərici 2024-cü illə müqayisədə 4,2 faiz azdır. 2024-cü ildə ixrac 57 milyard 991,9 milyon manat təşkil edib.
Eyni dövrdə idxalın həcmi artıb. 2024-cü ildə 46 milyard 476 milyon manat olan mal və xidmət idxalı 2025-ci ildə 47 milyard 516,1 milyon manata yüksəlib. Artım 2,2 faiz təşkil edib.
İxracın azalması və idxalın artması nəticəsində xalis ixrac 2024-cü ildəki 11 milyard 515,9 milyon manatdan 2025-ci ildə 8 milyard 23 milyon manata enib.
Beləliklə, Azərbaycanın xarici ticarətindən əldə etdiyi xalis gəlir bir il ərzində 3 milyard 492,9 milyon manat və ya 30,3 faiz azalıb.
Müqayisə daha uzun dövr üzrə aparıldıqda fərq daha böyük görünür. 2022-ci ildə mal və xidmətlərin ixracı ilə idxalı arasındakı müsbət fərq 44,2 milyard manat olduğu halda, 2025-ci ildə bu göstərici 8 milyard manata qədər geriləyib.
Xalis ixracın ÜDM-də payı da azalıb. Bu göstərici 2024-cü ildə 9,1 faiz olduğu halda, 2025-ci ildə 6,2 faiz təşkil edib.
