Zəngilan və Qubadlıda Aqropark yaradıldı – 500 min manat ayrıldıZəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb. Prezident İlham Əliyev bununla bağlı noyabrın 5-də Fərman imzalayıb.
1business.media xəbər verir ki, yeni aqropark kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanılması, çeşidlənməsi və satışı üçün fəaliyyət göstərəcək.
Aqroparkın idarə olunması və inkişafı İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə edilib.
Layihənin ilkin mərhələsi üçün Prezidentin ehtiyat fondundan Agentliyə 500 min manat ayrılıb. Vəsait ərazinin istifadəyə hazırlanması və zəruri infrastrukturun layihələndirilməsinə yönəldiləcək.
Fərmana əsasən, Zəngilan şəhəri yaxınlığında 1 424,55 hektar, Qubadlı rayonunun Tatar kəndi yaxınlığında isə 164,15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Agentliyin daimi istifadəsinə verilməlidir.
İqtisadiyyat Nazirliyi iki ay ərzində aqroparkda istehsal və emal olunacaq məhsullar üzrə prioritet istiqamətləri müəyyən etməlidir.
Layihə çərçivəsində elektrik, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, istehsal və emal obyektlərinin yaradılması nəzərdə tutulur.
