BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bina

Mənzillər bahalaşır kirayə qiymətləri isə ucuzlaşır

 Azərbaycanda mənzillərin satış qiymətləri artmaqda davam etsə də, kirayə bazarında fərqli vəziyyət yaranıb. Oktyabr ayında həm yeni, həm də köhnə tikili mənzillərin kirayə qiymətləri aşağı düşüb.

1business.media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının 2026-cı ilin oktyabr ayı üzrə hesabatında bu barədə məlumat verilib.

Hesabata əsasən, yeni tikili mənzillərdə bir kvadratmetr üzrə median aylıq kirayə haqqı sentyabrda 11,03 manat olduğu halda, oktyabrda 10,83 manata enib. Azalma 1,8 faiz təşkil edib.

Köhnə tikili mənzillərdə də eyni səviyyədə ucuzlaşma qeydə alınıb. Bir kvadratmetr üzrə median kirayə qiyməti 10,82 manatdan 10,63 manata düşüb.

Mənzillərin ümumi kirayə qiyməti nə qədərdir?

Oktyabr ayında yeni tikili mənzillərin median aylıq kirayə haqqı 1 000 manat, köhnə tikililərdə isə 700 manat səviyyəsində qalıb.

May-oktyabr ayları üzrə müqayisə də maraqlı mənzərə ortaya qoyur. Yeni tikililərdə bir kvadratmetr üzrə kirayə qiyməti may ayında 11 manat olduğu halda, oktyabrda 10,83 manata enib. Bu dövrdə azalma təxminən 1,5 faiz təşkil edib.

Köhnə tikililərdə isə əks proses müşahidə olunub. May ayında 10 manat olan median kirayə qiyməti oktyabrda 10,63 manata yüksəlib. Artım 6,3 faizdir.

Satış qiymətləri isə artır

Kirayə bazarında ucuzlaşma müşahidə edildiyi halda, mənzillərin satış qiymətləri yüksəlməkdə davam edir.

Yeni tikili mənzillərin bir kvadratmetrinin median satış qiyməti oktyabr ayında 1,4 faiz artaraq 2 888,9 manata çatıb. Ötən ilin dekabrı ilə müqayisədə artım 9,4 faizdir.

Köhnə tikililərdə satış qiymətləri aylıq müqayisədə sabit qalsa da, 2025-ci ilin dekabrı ilə müqayisədə 6,8 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin üçüncü rübündə ilkin mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,3 faiz, ötən ilin eyni dövrünə nəzərən isə 10,4 faiz artıb. Ümumi mənzil bazarında illik bahalaşma 8,4 faiz təşkil edib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, mənzillərin satış qiymətləri artdığı halda kirayə haqlarının azalması əmlakın kirayədən əldə olunan gəlirliliyini aşağı salır. Bu göstəriciyə əhalinin ödəmə qabiliyyəti, mənzilə tələb və bazara çıxarılan yeni yaşayış sahələrinin sayı təsir göstərir.

Beləliklə, mənzil bazarında satış və kirayə qiymətləri fərqli istiqamətlərdə dəyişir: ev almaq bahalaşır, kirayə tutmaq isə müəyyən qədər ucuzlaşır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05