Mərkəzi Bankın valyuta ehtiyatları rekord həddə çatdı
1business.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2026-cı il oktyabrın 31-nə 15 milyard 430,4 milyon ABŞ dollarına yüksələrək tarixi maksimuma çatıb.
Sentyabrın sonu ilə müqayisədə ehtiyatlar 67 milyon dollar və ya 0,44 faiz artıb. Ötən ilin oktyabr ayının sonunda isə bu göstərici 11 milyard 368,3 milyon dollar olub. Beləliklə, bir il ərzində AMB-nin valyuta ehtiyatları 4 milyard 62,1 milyon dollar və ya 35,7 faiz artıb.
2025-ci ilin sonu ilə müqayisədə artım 3 milyard 915,5 milyon dollar və ya 34 faiz təşkil edib.
AMB-nin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, oktyabr ayında keçirilən yeddi valyuta hərracının beşində dollara tələb olmayıb. Digər iki hərracda ümumi tələb 4,5 milyon dollar təşkil edib.
Taleh Kazımovun sözlərinə görə, Mərkəzi Bank cari il ərzində bazardan 3,6 milyard dollar valyuta alıb. İlin sonunadək əlavə 500 milyon – 1 milyard dollar alışın həyata keçirilməsi mümkündür.
Yanvar-sentyabr aylarında banklar müştərilərdən 1 milyard 470,9 milyon dollar nağd valyuta alıb, satış isə 851,3 milyon dollar olub. Bu dövrdə bankların dollar alışları satışdan 619,7 milyon dollar çox olub.
Mərkəzi Bank 2026-cı il üzrə cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozunu da 6,1 milyard dollardan 8,5 milyard dollara yüksəldib.
