Azərbaycanda fəaliyyətini dayandırmaq istəyən şirkətlər və sahibkarlar üçün yeni qayda təklif olunur. Dəyişikliyə əsasən, işəgötürənlər müəssisəni ləğv etməzdən və vergi uçotundan çıxarmazdan əvvəl işçiləri ilə əmək müqavilələrinə xitam verməli olacaqlar.1business.media xəbər verir ki, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, tələb hüquqi şəxslərə, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin müvafiq bölmələrinə və fiziki şəxs olan sahibkarlara şamil ediləcək.
Yeni qayda qəbul olunarsa, işçilərlə əmək müqavilələrinə xitam verilmədən şirkətin ləğvi və vergi uçotundan çıxarılması mümkün olmayacaq.
Dəyişikliyin əsas səbəbi şirkət ləğv edildikdən sonra elektron informasiya sistemində işçilərin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əməliyyatların aparılmasında yaranan çətinliklərdir.
Layihədə keçid müddəası da nəzərdə tutulub. Belə ki, qanun qüvvəyə minənədək elektron sistemdə xitam verilməmiş əmək müqavilələri işçilərin müraciəti əsasında araşdırılaraq qüvvədən düşmüş hesab edilə biləcək. Bu mexanizm fiziki şəxs olan işəgötürənlərə şamil edilməyəcək.
Qeyd edək ki, söhbət hələ qanun layihəsindən gedir. Təklifin qəbul edilməsi və qüvvəyə minməsi ilə bağlı yekun qərar gözlənilir.
