Təzyiq dərmanları da icbari tibbi sığorta ilə qarşılanacaq – Yeni qayda nə vaxt qüvvəyə minir?Azərbaycanda ambulator müalicə zamanı istifadə olunan bəzi dərman preparatlarının icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır. İlkin mərhələdə yüksək arterial təzyiqin müalicəsində istifadə edilən dərmanlar nəzərdə tutulur.
1business.media xəbər verir ki, yeni mexanizmin 2027-ci il aprelin 1-dən tətbiqinə başlanılması planlaşdırılır.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bildirib ki, ilkin mərhələdə arterial hipertenziyanın müalicəsini təmin edən 26 adda dərman preparatının vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur.
Hazırda icbari tibbi sığorta çərçivəsində dərman təminatı əsasən stasionar müalicə zamanı həyata keçirilir. Ambulator şəraitdə həkim tərəfindən reseptlə təyin olunan dərmanları isə vətəndaşlar öz vəsaitləri hesabına alırlar.
Yeni mexanizm çərçivəsində dərmanların elektron resept əsasında verilməsi nəzərdə tutulur. Özəl apteklər də bu sistemə qoşulacaq və dərman təminatında iştirak edəcəklər.
Qeyd edək ki, 26 dərmanın konkret adları və vətəndaşların əlavə ödəniş edib-etməyəcəyi barədə ətraflı məlumat hələ açıqlanmayıb.
