Mərkəzi Bank yeni BOKT-yə lisenziya verdi – Rəhbərliyi də açıqlandıAzərbaycan Mərkəzi Bankı (AMB) “HERMES Bank Olmayan Kredit Təşkilatı” MMC-yə kredit fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.
1business.media xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təşkilata kreditlərin verilməsi və qanunvericilikdə nəzərdə tutulan digər fəaliyyət növləri ilə məşğul olmaq hüququ tanınıb.
Yeni BOKT-nin nizamnamə kapitalı 1 milyon manatdır. 19 iyun 2026-cı ildə dövlət qeydiyyatına alınan təşkilata 12 noyabr 2026-cı ildə BKT-52 nömrəli lisenziya təqdim edilib.
Yeni BOKT-nin rəhbərliyi kimlərdir?
“HERMES” BOKT-nin Müşahidə Şurasının sədri Emil Rzayev, üzvləri Kamran Quliyev və Vüqar Məmmədovdur.
Təşkilatın direktoru Həmid Mirzəyev, baş mühasibi Sədaqət Bünyatova, daxili auditoru isə Elmin Xankişiyev təyin edilib.
Təsisçisi “Hermes Finance” ASC-dir
Yeni kredit təşkilatının 100 faizlik təsisçisi lizinq sahəsində fəaliyyət göstərən “Hermes Finance” ASC-dir.
2018-ci ildə yaradılan şirkət maliyyə lizinqi, avtomobillərin icarəsi və satışı ilə məşğul olur.
Şirkətin 2026-cı ilin ilk yarısına dair maliyyə hesabatına əsasən, xalis mənfəəti 509,8 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3 faiz çoxdur.
Hesabat dövrünün sonuna şirkətin aktivləri 20,74 milyon manata, kapitalı isə 1,56 milyon manata çatıb.
Qeyd edək ki, 1 oktyabr 2026-cı il tarixinə Azərbaycanda 51 bank olmayan kredit təşkilatı fəaliyyət göstərib. “HERMES” BOKT-yə lisenziyanın verilməsindən sonra onların sayının 52-yə yüksəldiyi bildirilir.
