Aİ Ukraynaya 1 milyard avro hərbi yardım ayırdıAvropa İttifaqı Ukraynanın müdafiə imkanlarını gücləndirmək məqsədilə 1 milyard avro həcmində yeni hərbi yardım paketi təsdiqləyib.
1business.media xəbər verir ki, qərar Avropa İttifaqı Şurası tərəfindən Avropa Sülh Fondu (EPF) çərçivəsində qəbul edilib.
Ayrılan vəsait Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi təchizatın birgə satın alınmasına yönəldiləcək.
Yardım paketinə aşağıdakı vasitələrin alınması daxildir:
- Pilotsuz uçuş aparatları;
- Hava hücumundan müdafiə sistemləri;
- Döyüş sursatları;
- Radioelektron mübarizə avadanlıqları;
- Radiolokasiya sistemləri;
- Partlayıcı maddələr.
Təchizatın 2027-ci ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ukrayna həm döyüş meydanında, həm də danışıqlar masası arxasında mövqelərini möhkəmləndirmək üçün Avropanın dəstəyinə arxalana bilər.
Qeyd edək ki, bu qərar Avropa Sülh Fondu çərçivəsində Ukraynaya dəstək üçün ümumilikdə 6,6 milyard avronun səfərbər edilməsini nəzərdə tutan razılaşmanın tərkib hissəsidir.
