Ukraynada Kosmik Qüvvələr yaradılır – Parlamentdən mühüm qərarUkrayna Silahlı Qüvvələrinin tərkibində yeni hərbi struktur – Kosmik Qüvvələrin yaradılması istiqamətində mühüm addım atılıb.
1business.media xəbər verir ki, Ukrayna Ali Radası Kosmik Qüvvələrin yaradılmasını nəzərdə tutan qanun layihəsini noyabrın 9-da birinci oxunuşda qəbul edib. Sənədin lehinə 252 deputat səs verib.
Yeni hərbi strukturun əsas vəzifələri aşağıdakılar olacaq:
- Düşmənin raket buraxılışlarını kosmosdan izləmək;
- Raket hücumları barədə erkən xəbərdarlıq sistemi yaratmaq;
- Hərbi məqsədlər üçün qorunan peyk rabitəsini təmin etmək;
- Kəşfiyyat peyklərinin imkanlarını genişləndirmək;
- Kosmosdan gələn hərbi təhdidlərə qarşı müdafiə vasitələri hazırlamaq.
Qanun layihəsi Ukraynanın öz peyklərini hazırlamasını və onları orbitə çıxarmaq imkanlarını inkişaf etdirməsini də nəzərdə tutur.
Hazırda sənəd yalnız birinci oxunuşdan keçib. Qanunun qüvvəyə minməsi üçün parlamentdə ikinci oxunuşda qəbul edilməsi və digər hüquqi prosedurların tamamlanması tələb olunur.
Ukrayna bu addımla hərbi rabitə, peyk kəşfiyyatı və raket hücumları barədə xəbərdarlıq sahələrində xarici texnologiyalardan asılılığını azaltmağı hədəfləyir.
