Trampın media şirkəti 1 milyard dollarlıq borc təhlükəsi ilə üzləşibABŞ Prezidenti Donald Trampın ailəsinə məxsus “Trump Media & Technology Group” şirkəti Bitcoin investisiyasından sonra ciddi maliyyə təzyiqi ilə üzləşib. Şirkətin qarşıdakı borc öhdəliyi kriptovalyuta aktivlərinin satışını gündəmə gətirib.
1business.media xəbər verir ki, bu barədə yayılan məlumatlarda bildirilir ki, şirkət 2025-ci ilin mayında kriptovalyuta ehtiyatı yaratmaq məqsədilə konvertasiya olunan istiqrazlar buraxıb. Həmin istiqrazların ödəniş müddəti 2026-cı il noyabrın 30-da başa çatır.
İstiqraz sahiblərinə borc qiymətli kağızlarını hər səhm üçün 34,72 dollar qiymətlə şirkətin səhmlərinə çevirmək imkanı verilib. Lakin TMTG-nin səhmləri ilin əvvəlindən 60 faizdən çox ucuzlaşaraq 4,64 dollara düşüb. Bu səbəbdən investorlar səhmləri əldə etməkdənsə, vəsaitlərini nağd şəkildə geri tələb etməyə üstünlük verə bilərlər.
Şirkətin Bitcoin investisiyaları da gözlənilən nəticəni verməyib. Son bir ildə Bitcoin-in dəyəri təxminən üçdəbir azalıb. 2026-cı ilin üçüncü rübünün sonunda TMTG-nin kriptovalyuta aktivləri 1,36 milyard dollar dəyərində qiymətləndirilib.
Borc öhdəliklərinin yerinə yetirilməsi üçün şirkət kriptovalyuta ehtiyatlarının bir hissəsini satmaq və ya yeni kreditlər cəlb etmək məcburiyyətində qala bilər.
Məlumata görə, Trump Media 2026-cı ilin ilk doqquz ayını da zərərlə başa vurub. Şirkətin qarşısında duran əsas maliyyə məsələsi noyabrın 30-dək istiqraz sahiblərinin mümkün ödəniş tələblərini qarşılamaqdır.
