Azərbaycanda məşğul əhalinin 35 faizdən çoxu kənd təsərrüfatında çalışırAzərbaycanda məşğul əhalinin 35 faizdən çoxu kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir. Regionlarda iqtisadi fəaliyyət nəticəsində yaradılan dəyərin isə yarıdan çoxu aqrar sektorun payına düşür.
1business.media xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Milli Məşğulluq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu göstəricilər kənd təsərrüfatının ölkədə məşğulluğun təmin edilməsində mühüm rol oynadığını göstərir.
Nazir müavini BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına da diqqət çəkib. Bildirilib ki, dünya üzrə məşğul əhalinin təxminən dörddə biri aqrar sektorda çalışır.
Zaur Əliyev qeyd edib ki, müasir suvarma sistemləri, rəqəmsal texnologiyalar və süni intellekt əsaslı həllər kənd təsərrüfatında məhsuldarlığın artırılmasına imkan yaradır.
Onun fikrincə, yeni texnologiyaların tətbiqi aqrar sahədə çalışan mütəxəssislərdən fərqli bilik və bacarıqlar tələb edir. Buna görə də əmək bazarında dəyişən tələblərə uyğun kadr hazırlığı və peşə bacarıqlarının yenilənməsi vacibdir.
Nazir müavini vurğulayıb ki, məşğulluğun artırılması və dayanıqlı iş yerlərinin yaradılması dövlət siyasətinin əsas prioritetləri sırasındadır.
