BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda kənd və meşə təsərrüfatında 2060-cı ilədək sıfır emissiya hədəfi qoyulub

 Azərbaycanda kənd və meşə təsərrüfatında 2060-cı ilədək sıfır emissiya hədəfi qoyulub
Azərbaycanda kənd və meşə təsərrüfatı sektorunun 2060-cı ilədək xalis sıfır emissiya balansına çatdırılması planlaşdırılır. Bu məqsədlə meşə sahələrinin genişləndirilməsi, kənd təsərrüfatında elektrik texnologiyalarına keçid və zərərli qazların azaldılması nəzərdə tutulur.
 
1business.media xəbər verir ki, bu hədəflər Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında əksini tapıb.
 
Mövcud məlumatlara görə, 2022-ci ildə kənd təsərrüfatı fəaliyyəti nəticəsində atmosferə 8 milyon ton karbon qazı ekvivalenti həcmində istixana qazı buraxılıb. Eyni dövrdə torpaqdan istifadə və meşə təsərrüfatı 5,2 milyon ton karbon qazı ekvivalentində xalis udulma təmin edib.
 
Nəticədə kənd təsərrüfatı, meşəçilik və torpaqdan istifadə sahələri üzrə ümumi xalis emissiya 2,8 milyon ton təşkil edib.
 
Hədəfə çatmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır:
- Meşə sahələrinin genişləndirilməsi və yeni meşə zolaqlarının salınması;
- Kənd təsərrüfatı texnikasının elektrik enerjisinə keçirilməsi;
- Suvarma sistemlərinin elektrikləşdirilməsi;
- Heyvandarlıqda peyinin kompostlaşdırılması;
- Mal-qaranın həzm prosesindən yaranan metan emissiyalarının azaldılması üçün xüsusi yem əlavələrindən istifadə.
Strategiyaya əsasən, meşə sahələrinin artırılması kənd təsərrüfatından yaranan qalıq emissiyaların təbii yolla kompensasiya edilməsində mühüm rol oynayacaq.
 
2060-cı il üçün müəyyənləşdirilən xalis sıfır emissiya hədəfinə çatmaq isə əlavə maliyyə resurslarının, beynəlxalq dəstəyin və müasir texnologiyaların cəlb edilməsindən də asılıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05