700 milyon manatlıq xarici kreditin cəlbi sual altındadır – SƏBƏB AÇIQLANDIAzərbaycanın 2027-ci il dövlət büdcəsində xarici kreditlər hesabına 700 milyon manat vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Lakin bu məbləğin hansı layihələrə yönəldiləcəyi açıqlanmadığından borclanma planının tam icrası ilə bağlı risklər yaranıb.
1business.media xəbər verir ki, Hesablama Palatası Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsinə dair rəyində xarici borclanma ilə bağlı narahatlığını ifadə edib.
2027-ci ildə nə qədər borc cəlb olunacaq?
Büdcə layihəsinə əsasən, gələn il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün dövlət borclanması hesabına 2 milyard 731 milyon manat vəsaitin cəlb edilməsi planlaşdırılır.
Bu məbləğ ümumi maliyyələşdirmənin 86,8 faizini təşkil edəcək.
Həmin vəsaitin 700 milyon manatının xarici kreditlər hesabına təmin edilməsi nəzərdə tutulur. Lakin büdcə sənədlərində bu kreditlər hesabına maliyyələşdiriləcək layihələr və onların dəyəri barədə məlumat verilməyib.
2026-cı ildə xarici kreditlərin icrası aşağı olub
Hesablama Palatasının açıqladığı rəqəmlərə görə, 2026-cı ildə daxili və xarici borclanma hesabına 1 milyard 719,6 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılıb.
Xarici kreditlər üzrə isə 850 milyon manat vəsaitin cəlbi nəzərdə tutulsa da, ilin ilk doqquz ayında cəmi 125 milyon manat daxil olub. Bu, illik proqnozun yalnız 14,7 faizidir.
Hesablama Palatası hansı riskə diqqət çəkir?
Palatanın fikrincə, xarici kreditlərin icra səviyyəsinin aşağı olması və 700 milyon manatın hansı layihələrə yönəldiləcəyinin əsaslandırılmaması gələn il nəzərdə tutulan borclanmanın tam həcmdə reallaşmaması riskini artırır.
