Bank Respublika və AccessBank-ın birləşməsi bazarda nəyi dəyişəcək?“Bank Respublika” və “AccessBank”ın birləşməsi Azərbaycanın bank sektorunda mövqelərin yenidən formalaşmasına səbəb olacaq. Yeni bankın ölkənin aktivlərinin həcminə görə dördüncü ən böyük maliyyə institutu olacağı gözlənilir.
1business.media xəbər verir ki, beynəlxalq reytinq agentliyi “Moody’s”in qiymətləndirməsinə əsasən, birləşmiş bankın Azərbaycan bank sektorundakı payı 7-8 faiz təşkil edəcək.
Agentliyin proqnozuna görə, bu əməliyyat “Bank Respublika”nın bazardakı mövqeyini gücləndirəcək. Mikrobiznes, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanlarının genişlənəcəyi gözlənilir.
Lakin birləşmə müəyyən risklər də yaradır. “Moody’s” 2026-2027-ci illərdə yeni bankın aktivlərinin keyfiyyətinə təzyiq ola biləcəyini bildirir.
Bunun əsas səbəbi iki bankın problemli kredit göstəriciləri arasındakı fərqdir. 2025-ci ilin sonunda “AccessBank”da problemli kreditlərin payı 7,4 faiz, 2026-cı ilin ortalarında isə “Bank Respublika”da 1,4 faiz olub.
Agentlik uzunmüddətli perspektivdə birləşmənin xərclərin azaldılması, əməliyyat səmərəliliyinin yüksəldilməsi və gəlirliliyin artırılması baxımından müsbət nəticələr verə biləcəyini düşünür.
Qeyd edək ki, noyabrın 3-də strateji sövdələşmənin başa çatdığı açıqlanıb. “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100 faizini əldə edib. Bankların vahid strukturda hüquqi və əməliyyat inteqrasiyasının növbəti mərhələdə aparılması nəzərdə tutulur.
