Süni intellektin əmək bazarına təsiri getdikcə artır. Əvvəllər əsasən texniki və aşağı vəzifəli işçilərin fəaliyyətinə təsir edən texnologiya artıq marketinq mütəxəssislərini, layihə əməkdaşlarını və şirkət rəhbərlərini də risk altında qoyur.1business.media xəbər verir ki, biznesdə süni intellektin tətbiqi üzrə ekspert Sergey Semenov bu tendensiyanın əmək bazarında yeni dəyişikliklərə səbəb olduğunu bildirib.
Ekspertin sözlərinə görə, süni intellekt əvvəllər müqavilələrin hazırlanması, hesab-fakturaların tərtibi və məlumatların sistemə daxil edilməsi kimi işləri avtomatlaşdırırdı. Hazırda isə texnologiya daha mürəkkəb tapşırıqları da yerinə yetirə bilir.
Süni intellektin icra edə bildiyi işlərə smeta hesablamaları, layihə sənədlərinin hazırlanması və AutoCAD proqramında çertyojlarla işləmək də daxildir.
Semenov bir sahibkarın aylıq 100 dollarlıq Claude abunəliyindən istifadə edərək marketinq şöbəsinin işindən daha çox nəticə əldə etdiyini düşündüyünü və nəticədə həmin şöbəni ixtisar etdiyini bildirib. Ekspert bu nümunənin subyektiv qiymətləndirmə olduğunu da vurğulayıb.
Süni intellekt hər zaman insanı əvəz edə bilmir
Ekspert qeyd edib ki, bəzi şirkətlər satış zənglərini süni intellektə həvalə etsələr də, nəticələrdən narazı qalaraq yenidən insan əməkdaşları işə götürməli olurlar.
Onun fikrincə, süni intellektin əmək bazarına təsiri bir neçə amildən asılı olacaq:
- İşəgötürənlərin texnologiyanın imkanlarını düzgün qiymətləndirməsi;
- Süni intellektin robotlar və sənaye avadanlıqları ilə inteqrasiyası;
- Şirkətlərin işçilərə münasibəti və sosial məsuliyyəti.
Semenov hesab edir ki, müəssisələr kütləvi ixtisarlar əvəzinə əməkdaşların yeni bacarıqlar qazanmasına və yenidən hazırlanmasına üstünlük verməlidirlər. Əks halda, texnologiyanın sürətli inkişafı bəzi insanların əmək bazarından kənarda qalmasına səbəb ola bilər
