Süni intellektlə şirkət rəhbərlərini təqlid edib 129 milyon dollar mənimsədilərSüni intellekt texnologiyasından istifadə edən şəxslər dünya üzrə minlərlə şirkəti hədəfə alaraq təxminən 129 milyon dollarlıq dələduzluq həyata keçiriblər. Onlar şirkət rəhbərlərinin səsini və görüntüsünü təqlid edərək əməkdaşları böyük məbləğdə pul köçürməyə inandırıblar.
1business.media xəbər verir ki, ABŞ prokurorluğunun məlumatına görə, Jacob Soall, Sharon Hazan və Guy Sheetrit adlı üç nəfər bu cinayət sxemində iştirak etməkdə ittiham olunur.
Şirkət rəhbərlərinin səsini və görüntüsünü saxtalaşdırıblar
İttiham sənədlərinə əsasən, şübhəlilər 2024-cü ilin iyulundan 2026-cı ilin fevralınadək minlərlə şirkətin əməkdaşlarını hədəfə alıblar.
Onlar əvvəlcə şirkətlərin mühasibatlıq şöbələrinə rəhbərin adından elektron məktublar göndərərək məxfi maliyyə əməliyyatı barədə məlumat veriblər. Daha sonra süni intellekt vasitəsilə rəhbərlərin səsini, bəzi hallarda isə görüntüsünü təqlid edərək əməkdaşlarla telefon və videozənglər keçiriblər.
Əməkdaşları inandırmaq üçün özlərini nüfuzlu beynəlxalq hüquq şirkətlərinin vəkilləri kimi də təqdim ediblər. Nəticədə qurbanlardan müxtəlif bank hesablarına milyonlarla dollar köçürmələri tələb olunub.
Zərərçəkənlər arasında banklar və xəstəxanalar da var
Dələduzluq nəticəsində zərər çəkənlər arasında ABŞ və Böyük Britaniyanın müxtəlif şirkətləri, banklar və xəstəxanalar yer alıb.
İttiham sənədlərində göstərilən bəzi zərərlər:
- Böyük Britaniyanın maliyyə texnologiyaları şirkəti – 11,5 milyon dollar;
- ABŞ-ın Florida ştatındakı heyvan yemi şirkəti – 5,2 milyon dollar;
- Missuri ştatındakı xəstəxana sistemi – 4,8 milyon dollar;
- Massaçusets ştatındakı investisiya şirkəti – 4,6 milyon dollar;
- Rod-Aylend ştatındakı bank – 2,7 milyon dollar.
Əldə edilən pulların müxtəlif ölkələrdəki bank hesablarına köçürüldüyü, daha sonra isə mənbəyini gizlətmək məqsədilə kriptovalyutaya çevrildiyi bildirilir.
Şübhəliləri 20 ilədək həbs cəzası gözləyir
Üç nəfər dələduzluq, şəxsiyyət məlumatlarından qanunsuz istifadə və çirkli pulların yuyulması ilə bağlı ittihamlarla üzləşib.
Onlar İspaniya və Böyük Britaniyada saxlanılıblar. ABŞ-a ekstradisiya prosedurları gözlənilir. İttihamlar üzrə təqsirləri sübuta yetirilərsə, bəzi maddələr üzrə 20 ilədək həbs cəzası ala bilərlər.
Qeyd edək ki, ittiham olunan şəxslərdən Guy Sheetritin vəkilləri onun cinayətlə əlaqəsinin olmadığını bildirərək ittihamları rədd ediblər.
