SOCAR ABŞ-də 1,65 milyard dollarlıq aktivlər alır – Müqavilə imzalandıAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın neft-qaz sektorunda 1,65 milyard dollarlıq böyük investisiya həyata keçirir.
1business.media xəbər verir ki, noyabrın 4-də SOCAR ilə ABŞ-ın “Comstock Resources” şirkəti arasında aktivlərin alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, SOCAR ABŞ-də yerləşən üç enerji aktivində iştirak payı əldə edəcək.
Belə ki, şirkət “Legacy Haynesville” layihəsindəki kəşfiyyat və hasilat aktivlərinin 20 faizini, “Western Haynesville” layihəsindəki aktivlərin 15 faizini, eləcə də “Pinnacle Gas Services LLC” şirkətində “Comstock”a məxsus 73 faizlik payın 15 faizini alacaq.
Sövdələşmənin ümumi dəyəri 1,65 milyard ABŞ dollarıdır. SOCAR-ın əldə edəcəyi iştirak payları üzrə əməliyyatların idarə edilməsində iştirak hüququ olmayacaq.
Müqaviləyə görə, “Western Haynesville” layihəsində SOCAR-ın iştirak payı beş il keçdikdən və investisiyadan 15 faiz gəlirlilik əldə edildikdən sonra 7,5 faizə endiriləcək.
Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən edilib. Sövdələşmənin yekunlaşması üçün müvafiq dövlət qurumlarının razılığı və digər hüquqi prosedurların tamamlanması tələb olunur.
Qeyd edək ki, bu razılaşma SOCAR-ın ABŞ-ın təbii qaz bazarında mövqeyini genişləndirməsi baxımından mühüm addımdır. Tərəflər gələcəkdə ABŞ qazının beynəlxalq bazarlara çıxarılması istiqamətində də əməkdaşlıq etməyi planlaşdırırlar.
