Azərbaycanın əsas fondlarının dəyəri 311 milyard manatı keçib
Azərbaycanda əsas fondların ümumi dəyəri 311 milyard manatı ötüb. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artması əsas fondların strukturunda da özünü göstərir.
1business.media xəbər verir ki, son illərdə əsas fondların dəyərinin yüksəlməsində qeyri-neft və qaz sektoruna yönəldilən investisiyaların artması mühüm rol oynayıb.
2025-ci ilin sonuna Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri üzrə əsas fondların dəyəri 311 milyard manatı keçib. Bu göstəriciyə müəssisə və təşkilatların istehsal və xidmət fəaliyyətində istifadə etdiyi bina, qurğu, avadanlıq, nəqliyyat vasitələri və digər uzunmüddətli aktivlər daxildir.
Əsas fondların strukturunda qeyri-neft sektorunun payının yüksəlməsi iqtisadiyyatın şaxələndirilməsi prosesinin davam etdiyini göstərir. Qeyri-neft və qaz sektorunda 2025-ci ildə əsas kapitala 15,9 milyard manat investisiya yönəldilib.
Nəqliyyat sektorunda da əsas fondların dəyəri artıb. 2025-ci ilin sonunda bu sahə üzrə göstərici 24,3 milyard manata çatıb. 2021-ci ilin sonunda isə nəqliyyat sektorunun əsas fondları 17,3 milyard manat təşkil edib.
