General Motors sürücülərin məlumatlarına görə 220 milyon dollar ödəyəcək
ABŞ-ın avtomobil istehsalçısı “General Motors” (GM) sürücülərin şəxsi məlumatlarını onların razılığı olmadan toplamaq və sığorta şirkətlərinə satmaqla bağlı iddialara görə 220 milyon dollar ödəməyə razılaşıb.
1business.media xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
ABŞ-ın 35 ştatının və Kolumbiya dairəsinin baş prokurorlarının apardığı araşdırma nəticəsində şirkətin 2016–2024-cü illərdə “Smart Driver” proqramı vasitəsilə milyonlarla sürücünün avtomobil idarəetmə vərdişlərini izlədiyi müəyyən edilib.
İddialara görə, GM sürücülərin hansı sürətlə hərəkət etdiyini, avtomobildən günün hansı saatlarında istifadə etdiyini, nə qədər tez-tez qəfil əyləc etdiyini və bəzi hallarda onların yerləşmə məlumatlarını qeydə alıb. Daha sonra bu məlumatlar sığorta şirkətlərinə informasiya təqdim edən vasitəçi qurumlara satılıb.
Nəticədə bəzi sürücülər avtomobil sığortası üçün daha yüksək ödəniş etməli olublar. Onların bir çoxu sığorta haqlarının müəyyənləşdirilməsində şəxsi sürücülük məlumatlarından istifadə edildiyindən xəbərsiz olub.
Müştərilər xəbərləri olmadan proqrama qoşulub
Araşdırmada diqqət çəkən məqamlardan biri də bəzi avtomobil sahiblərinin “Smart Driver” proqramına razılıqları olmadan qoşulmasıdır. İddialara görə, GM avtomobil dilerlərinə daha çox müştəri cəlb etmək üçün mükafatlar təklif edib. Bəzi diler əməkdaşları isə müştərilərin açıq razılığı olmadan proqramın şərtlərini onların adından qəbul ediblər.
Şirkət 370 mindən çox sürücüyə proqrama qoşulmadıqları barədə məlumat versə də, onların məlumatlarını toplamağa davam edib. Sonradan bu proses dayandırılıb, lakin müştərilər baş verənlər barədə məlumatlandırılmayıb.
GM-ə yeni öhdəliklər qoyulub
220 milyon dollarlıq razılaşma yalnız maliyyə ödənişini nəzərdə tutmur. GM bundan sonra sürücülərin məlumatlarını toplamadan və ya üçüncü tərəflərlə paylaşmadan əvvəl onların açıq razılığını almalıdır.
Şirkət məlumatların toplanmasını məhdudlaşdırmalı və şəxsi informasiyanın qorunması üçün əlavə tədbirlər görməlidir.
Razılaşmaya əsasən, məlumatların qorunması qaydalarına müstəqil auditorlar və şirkətdaxili mütəxəssislər nəzarət edəcək. Avtomobil dilerləri də müştərilərin icazəsiz məlumat toplama proqramlarına qoşulmasının qarşısını almaq üçün əlavə təlimlər keçəcəklər.
GM-in bu məsələ ilə bağlı problemləri əvvəllər də gündəmə gəlib. ABŞ Federal Ticarət Komissiyası şirkətin müəyyən sürücülük və yerləşmə məlumatlarını istehlakçı hesabatı hazırlayan qurumlarla paylaşmasını beş il müddətinə qadağan edib. GM 2026-cı ilin mayında Kaliforniyada oxşar iddialarla bağlı 12,75 milyon dollarlıq ayrıca razılaşmaya da gedib.
Şirkət “Smart Driver” proqramını 2024-cü ildə dayandırıb. Hadisə internetə qoşulan müasir avtomobillərin topladığı şəxsi məlumatların sürücülərin xəbəri olmadan hansı məqsədlərlə istifadə edilə biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
