BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Xəzər niyə dayazlaşır? Yeni araşdırma Volqa çayına diqqət çəkir

 Xəzər niyə dayazlaşır? Yeni araşdırma Volqa çayına diqqət çəkir

Xəzər dənizinin sürətlə dayazlaşmasının səbəbləri yalnız iqlim dəyişikliyi ilə məhdudlaşmır. Yeni elmi araşdırma çay axınlarının azalması və insan fəaliyyətinin də prosesə ciddi təsir göstərə biləcəyini ortaya qoyub.

1business.media xəbər verir ki, 2026-cı ildə “Earth’s Future” jurnalında dərc olunan tədqiqata görə, Xəzər dənizi son 30 ildə təxminən 24 min kvadratkilometr su səthini itirib.

Araşdırmada qeyd olunur ki, 1996-cı ildən etibarən dənizin səviyyəsi təxminən 2 metr aşağı düşüb. Alimlərin hesablamalarına görə, artan buxarlanma su itkisinə təxminən 37-40 faiz təsir göstərir.

Volqanın suyu niyə azalır?

Xəzərin əsas su mənbəyi Volqa çayıdır. Tədqiqata əsasən, Volqanın orta illik su axını 1991-2005-ci illərdə 263,3 kubkilometr olduğu halda, sonrakı dövrdə 231,4 kubkilometrə düşüb.

Diqqət çəkən məqam odur ki, həmin dövrdə Volqa hövzəsində yağıntıların uzunmüddətli azalması müşahidə edilməyib.

Bu səbəbdən alimlər su anbarlarının, suvarma sistemlərinin və sənaye məqsədilə su istifadəsinin Volqanın axınına təsirini araşdırmağa çağırırlar. Ayrı-ayrı hidrotexniki qurğuların ümumi su itkisinə konkret təsiri isə hələ tam müəyyən edilməyib.

Azərbaycanı hansı risklər gözləyir?

Xəzərin səviyyəsinin aşağı düşməsi Azərbaycanın dəniz nəqliyyatı, liman infrastrukturu, balıqçılıq, turizm və enerji sektorları üçün ciddi problemlər yarada bilər.

Dənizin dayazlaşması limanlarda dərinləşdirmə işlərinin artırılmasına, gəmi yollarının yenidən uyğunlaşdırılmasına və sahilyanı infrastrukturun yenilənməsinə səbəb ola bilər. Bu isə əlavə maliyyə vəsaiti tələb edəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi 2026-cı ilin iyununda “Reuters”ə bildirib ki, Xəzərin səviyyəsi son beş ildə təxminən 1 metr azalıb. Hazırda illik geriləmənin 20-30 santimetrə çatdığı qeyd edilib.

Xəzəri xilas etmək mümkündürmü?

Mütəxəssislər Xəzəryanı beş ölkə arasında su ehtiyatlarının birgə monitorinqinin gücləndirilməsini, çay axınları barədə məlumat mübadiləsinin genişləndirilməsini və uyğunlaşma tədbirlərinin hazırlanmasını vacib sayırlar.

Xəzərin səviyyəsinin aşağı düşməsi artıq yalnız ekoloji problem kimi qiymətləndirilmir. Proses regionun nəqliyyat marşrutlarına, enerji təhlükəsizliyinə və böyük həcmli sahilyanı infrastruktura iqtisadi risk yaradır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05