Azərbaycanda internet istifadəçilərinin sayı 91,5 faizə çatdı
Azərbaycanda internetdən istifadə edənlərin payı 2025-ci ildə 91,5 faizə çatıb. Qadınlar və kişilər arasında internet istifadəsindəki fərq də son illərdə kəskin azalıb.
1business.media xəbər verir ki, 2025-ci ildə qadınların 90,8 faizi, kişilərin isə 92,2 faizi internetdən istifadə edib. Beləliklə, iki qrup arasındakı fərq 1,4 faiz bəndi təşkil edib.
Müqayisə üçün, 2010-cu ildə qadınlar arasında internet istifadəçilərinin payı 36,5 faiz, kişilər arasında isə 55,6 faiz olub. Həmin vaxt fərq 19,1 faiz bəndi təşkil edib.
15 il ərzində qadınların internetdən istifadə səviyyəsi 54,3 faiz bəndi, kişilərdə isə 36,6 faiz bəndi yüksəlib.
Mobil telefondan istifadə də yüksəkdir
2025-ci ildə qadınların 87,6 faizinin, kişilərin isə 88,6 faizinin mobil telefonu olub. Bu göstəricilər əhalinin rəqəmsal texnologiyalara çıxışının genişləndiyini göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkə əhalisinin 90,8 faizi internetdən istifadə edib. Həmin il kişilər üzrə göstərici 91,4 faiz, qadınlar üzrə isə 90,2 faiz olub.
